Potsdamer-plas Avropanın görməli yerlərindən biridir
Potsdam meydanı və ya Potsdamer-plas Almaniya paytaxtının ən əlamətdar məkanlarından biridir. Berlinə gələn hər bir turist hökmən bu meydana baş çəkir.
GERMANY.AZ AZƏRTAC öz məqaləsində Potsdamer-plasa kiçik bir ekskursiya edib, bu meydanın tarixi barədə, onun əsas görməli yerləri haqqında qısa söhbət açacaq.
Bu yaxınlarda sözün hərfi mənasında sıfırdan başlayaraq yenidən qurulmuş Potsdamer-plas haqlı olaraq “Yeni Berlin” anlayışının sinoniminə çevrilib.
Bir neçə əsr bundan əvvəl şəhər qalasının qarşısında yerləşən Potsdamer-plas meydanı beş yolun kəsişdiyi məkan idi. XIX əsrin birinci yarısında bu meydanda dəmiryol vağzalı tikildi. Meydanın zahiri görkəmi dəyişdi və az sonra tranzit məntəqəsinə çevrildi.
Meydan özü bir neçə izdihamlı yolun kəsişdiyi yerdə salınmışdı və əvvəlcə şəhər hüdudlarından kənarda idi. Həmin əsrin ikinci yarısında Potsdamer-plas ətrafında tikintilər çoxaldı və meydan şəhərin mərkəzinə çevrildi.
1902-ci ildə Berlin metropolitenin xətti bu meydana çatdı və uzun müddət metronun sonuncu stansiyası bura oldu. Həmin illərin görməli məkanları arasında Pşor-Brou Pivə zavodu, “Belyuve”, “Palast”, “Fürstenhof”, “Kafe Yosti” otelləri kimi məşhur binaları qeyd etmək olar.
1911-1912-ci illərdə yeni tikilmiş altımərtəbəli Potsdam evində əyləncə kompleksi və yüksək inzibati bina, kafe, kinoteatr və ofis otaqları yerləşirdi. 1926-1928-ci illərdə bina yenidən qurularaq “Vətən evi” adlandırıldı və əfsanəvi Kempinsklər ailəsinin rəhbərliyi ilə Almaniyada ən böyük əyləncə sarayına çevrildi.
Potsdam meydanı uzun müddət Almaniya paytaxtının əyləncələr məhəlləsi olub.1924-cü ildə şəhərin hakimiyyət orqanları “Simens” şirkətinə meydanın mərkəzində Berlində birinci və Almaniyada ikinci svetofor quraşdırılmasını tapşırdı.
İkinci Dünya müharibəsi başlayana qədər Potsdam meydanı Avropada ən izdihamlı meydanlardan biri olaraq qalırdı. Müttəfiqlərin aviasiya hücumları nəticəsində bu meydan yerlə yeksan oldu.
Müharibə dövründə meydandakı və ona bitişik məhəllələrdəki gözəgəlimli tikililərin hamısı tamamilə dağıldı, yalnız 100 il əvvəl tikilmiş “Hut evi” salamat qaldı.
Müharibə qurtarandan sonra xarabalıqlar səliqəyə salındı və bu meydandan bir müddət tikinti materialları anbarı kimi istifadə edildi. Burada işğal edilmiş Berlinin üç sektoru - sovet, Britaniya və Amerika sektorları qovuşurdu. “Üç ölkənin tini”ndə əsl “qara bazar” yaradıldı. 1948-ci ilin iyun ayında Qərbi Berlin sektorlarında alman markası dövriyyəyə buraxılandan və Berlin mühasirəyə alınandan sonra meydanın mənzərəsi yenidən dəyişdi, həmin il avqustun 21-də isə asfalt üzərində sərhədi sovet və qərb sektorlarına bölən zolaq yarandı. 1961-ci ildə Potsdam meydanını iki hissəyə bölən Berlin divarı ucaldıldı. 1970-ci ilin ortalarında orada qalmış tikililərin demək olar ki, hamısı söküldü. 1990-cı illərin əvvəlində bu divar söküldü.
Almaniya birləşəndən sonra həm Şərqi, həm də Qərbi Berlinin baxımsız qalmış bu ərazisi birləşmiş şəhərin mərkəzi oldu. Almaniya üçün ən mühüm tarixi hadisədən yarım il sonra bu rayonda tikinti işlərinin baş planının ən yaxşı layihəsi üçün müsabiqə elan edildi. “Sony”, “Daymler-Benz” konsernləri və milyarder Otto Bayshaym kimi varlı investorlar da tapıldı.
On ildən az müddətdə bu boş ərazinin görkəmi tamamilə dəyişdi. Bundan sonra, tarixin keşikçiləri rahat yata bildilər – tikinti zamanı şəhərdəki heç bir abidəyə zərər dəyməmişdi.
Potsdamer-plasda ən uğurlu layihə “Sony-mərkəz”dir. 2000-ci ildə tikilmiş bu mərkəzin memarı Helmut Yan olub. Kompleks sahəsi 4.000 kvadrat metr olan daxili meydanın ətrafında tikilmiş bir neçə binadan ibarətdir. Bu böyük meydanın üzərində günbəz quraşdırılıb.
“Sony-mərkəz”in binalarında şirkətin Avropa qərargahı, ofislər, mağazalar, restoranlar, kino mərkəzi və “Leqolend” uşaq əyləncə mərkəzi yerləşir.
Həm şəhərə, həm də şəhərətrafı zonaya xidmət edən şəhər dəmiryolunun yeni yerüstü vestibülü də ucaldılıb. Yeraltı Potsdamer-plas stansiyası isə, hələ 1939-cu ildə tikilmişdi. “Soyuq müharibə” illərində fəaliyyətini müvəqqəti olaraq dayandıran yeraltı stansiya 1991-ci ildən sonra yenidən istifadəyə verilib.
Bu gün Potsdam meydanı Berlin sakinlərinin və Almaniya paytaxtının qonaqlarının sevimli məkanlarından biridir.