AzTU-da Almaniya universitetlərinin təqdimatı keçirilib
Sentyabrın 27-də Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin nümayəndəsi Almaniya universitetlərinin təqdimatını keçirib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, təqdimatda iştirak edən beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov AzTU-nun Almaniya universitetləri ilə əlaqəsindən, bu ölkənin ali təhsil sistemindən, təqaüdlü təhsil imkanlarından danışıb və tələbələrə bu imkanlardan yararlanmağı tövsiyə edib.
Sonra DAAD nümayəndəsi təmsil etdiyi mərkəzin fəaliyyəti və Almaniya universitetlərində təhsil şərtləri, təqaüd proqramları, yay məktəbləri, sənəd qəbulu haqqında ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, DAAD Almaniya dövləti tərəfindən dəstəklənən alman ali məktəblərinin birgə qurumudur. Onun əsas vəzifəsi tələbələrin və elmi işçilərin mübadiləsi vasitəsi ilə Almaniyanın xarici ölkələrlə akademik münasibətlərinin dəstəklənməsidir.